Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq poeziya gün”nə həsr olunmuş "Klassik Çin poeziyasının şah əsərləri" mövzusunda oxucu müsabiqəsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi tələbələrin oxuculuq mədəniyyətinin, yaradıcılıq bacarıqlarının formalaşmasına və inkişafına təkan vermək, onları qədim Çin şairlərinin yaradıcılığı ilə tanış etmək idi.
Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov ədəbi və xarici dillər üzrə təhsillərin yüksək səviyyədə inkişafı üçün Çin dilində bədii mətnlərin tərcüməsinin əhəmiyyətini qeyd edib, müsabiqədə iştirak qaydaları ilə bağlı məlumat verib. Bildirilib ki, şeirlərin əzbər, ifadəli və orijinallığını saxlamaqla söylənilməsi, bədii şəkildə dinləyiciyə çatdırılması əsas şərtlərdir.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri təqdimatlarla çıxış edib, klassik Çin musiqisinin müşayəti ilə Li Bo, Du Fu, Li Xouçju, Su Şi və başqa görkəmli şairlərin şeirlərini söyləyib, yaradıcılığında Çin ilə bağlı mövzulara toxunan məşhur azərbaycanlı şairlər barədə məlumat veriblər.
Sonra üç nominasiya üzrə qalibləri müəyyənləşdirilib.
Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ADU-nun əməkdaşı Vahid Əlioğlunun “Təkcə sənsən ürəyimdə”, “Sevən ürək həsrət çəkər” və Könül Əfqan qızının “Könül duyğuları”, “Bu dünyanın qonağıyıq” şeir kitablarının təqdimatı keçirilib.

