Ekspertlər mövcud göstəricilərin Avropa ölkələri üzrə orta göstəriciyə uyğun olduğunu bildirirlər
Özəl sektorun ölkə iqtisadiyyatında rolunun böyük olması bu sahədə inkişafdan xəbər verir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatına nəzər saldıqda özəl sektorun payının çox yüksək olduğunu görürük. Çünki özəl sektorun inkişafı ölkələrin iqtisadiyyatının gələcək inkişafını təmin edir. Ölkəmizdə də son illər özəl sektorların inkişafetdirilməsi ilə bağlı işlər görülür. Xüsusilə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı işlər aparılır.

Özəlləşdirmənin aparılmasında məqsəd iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Bu sahədə görülən işlər sayəsində də gözlənilən nəticələr də əldə edilib. 2012-ci ildə özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 81.5% olub. 2013-cü ildə isə bu rəqəmin 83 olması planlaşdırılsa da, əldə olunan nəticə daha yaxşı oldu. Amma ötən il Azərbaycan iqtisadiyyatında özəl sektorun payında müəyyən azalmalar qeydə alınıb. 2013-cü ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun 85%-i özəl sektorun payına düşmüşdüsə, ötən il bu 82%-yə endi. Bu da o deməkdir ki, son 1 ildə iqtisadiyyatda özəl sektorun payı 3% azalıb.

İqtisadçı alim Vüqar Bayramov bildirdi ki, özəl sektorun iqtisadiyyatda payının azalması heç də özəl şirkətlərin sıradan çıxması ilə bağlı deyil. Azərbaycan iqtisadiyyatının əhəmiyyətli hissəsi yenə də özəl sektorun payına düşür: “2014-cü ildə dövlət şirkətləri tərəfindən həyata keçirilən layihələrin sayının artması, eyni zamanda, müxtəlif dövlət şirkətləri vasitəsi ilə infrastruktur layihələrin icra edilməsi dövlət sektorunun ölkə iqtisadiyyatında payının artmasına gətirib çıxarır. Dövlət sektorunun payının artması isə analoji olaraq özəl sektorda azalmaya səbəb olur. Bu baxımdan, özəl sektorun payında cüzi azalmalar müşahidə edildi. Faiz etibarilə azalma görünsə də, özəl sektorun dəyər ifadəsində, iqtisadiyyatda payında artımlar müşahidə olunur. Bu heç də özəl sektorun zəifləməsi anlamına gəlmir. Əvvəlki illərdə kütləvi olaraq özəlləşdirilmə aparıldı və proses başa çatdı. 2014-cü ildə özəlləşmə prosesində müəyyən qədər fasilələr müşahidə olundu. Bu da nəzərdə tutulan dövlət müəssisələrinin böyük bir qisminin kütləvi şəkildə özəlləşdirilməsinin başa çatması ilə bağlı idi. Yeni yaranan özəl şirkətlərin sayında artımlar müşahidə edilmədikdə dövlət sektorunun faiz etibarilə payına təsir göstərir”.

V.Bayramov bildirdi ki, qarşıdakı illərdə özəl sektorun payında yenidən artımlar olacaq: “Dövlət büdcəsi ölkədə infrastruktur formalaşdırdığı üçün investisiya və infrastruktur xərclərinin müəyyən qədər azalacağı proqnozlaşdırılır. Çünki artıq infrastruktur formalaşdırılır və bu istiqamətdə ayrılan vəsaitlər təbii olaraq azalmalıdır. Bu baxımdan dövlət şirkətlərinin aldığı sifarişlərin sayında azalmalar müşahidə olunacaq. Bu isə avtomatik olaraq özəl şirkətlərin həm sifarişlərinin sayının çoxalmasına, həm də ölkə iqtisadiyyatında payının artmasına gətirib çıxaracaq. Növbəti illərdə özəl sektorun payında həm dəyər, həm faiz etibarilə artımların olacağını proqnozlaşdırırıq”.

İqtisadçının sözlərinə görə, dünya ölkələrinin iqtisadiyyatında özəl sektorun inkişafına böyük yer verilir: “Dünya ölkələrinin hər birində özəl sektorun ölkə iqtisadiyyatında faiz nisbəti fərqlidir. Amerika Birləşmiş Ştatlarında və bir çox Avropa ölkələrində özəl sektorun həcmi 90 faizdən artıqdır. Fransada isə digər Avropa ölkələri ilə müqayisədə özəl sektorun payı nisbətən azdır. Çində də inkişaf etmiş ölkələrlə müqayisədə özəl sektorun payı dövlət sektoruna nisbətən faiz etibari ilə aşağıdır. Yəni, dünya ölkələrinin təcrübəsindən də görünür ki, fərqli nümunələr var. Azərbaycan iqtisadiyyatında özəl sektorun payının 80 faizdən çox olması İnkişaf Etmiş Ölkələr üzrə orta göstəriciyə uyğundur”.

V.Bayramov onu da bildirdi ki, Azərbaycanda da özəl sektorun ölkə iqtisadiyyatda payının 90 faizə qaldırılması planlaşdırılır: “Dövlət sifarişləri davam edir. Amma özəl sektorun inkişafı ilə bağlı işlər görülməkdədir. 2020-ci ilədək özəl sektorun payının 90 faizə qədər yüksələcəyini proqnozlaşdırmaq olar. Bu artıq maksimum hədd kimi qiymətləndirilməlidir. Hətta mövcud faiz belə Avropanın orta göstəricisinə uyğundur. Fransada özəl sektorunun payı təxminən 70 faizdir. Azərbaycanla müqayisədə azdır. Orta göstərici Avropa ölkələrində təxminən 80 faiz ətrafındadır. Bu gün Azərbaycanda mövcud pay Avropa ölkələrində olan orta göstəriciyə yaxın və uyğundur”.

İqtisadçı alim Əli Əlirzayev isə bildirdi ki, statistik rəqəmlərdə özəl sektorun ölkə iqtisadiyyatındakı payı ilə bağlı müəyyən azalmaların olması normaldır: “Müəyyən qədər hansısa sektorun payında artım və ya azalma müşahidə olunmasını normal qəbul etməliyik. Bir tərəfdə azalma varsa, bu həm də digər tərəfdə inkişafdan xəbər verir”.

Özəl sektorun nəinki Azərbaycan, eləcə də dünya iqtisadiyyatında yerinin böyük olduğunu deyən Ə.Əlirzayev bildirdi ki, özəlləşdirilmə bu sahədə inkişafdan xəbər verir: “Kiçik və orta sahibkarlıq nə qədər inkişaf etsə, iqtisadiyyat o qədər səmərəli olur. Böyük müəssisələr, neft və ya digər böyük şirkətlərin xidmət sferası özəl sektor sayılır. Kənd təsərrüfatı, nəqliyyat, turizm və s sahələr Azərbaycanda özəlləşdirilib. Ona görə də özəl sektorun iqtisadiyyatda xüsusi çəkisi çoxalır. İqtisadiyyatın inkişafı üçün rəqabət qabiliyyəti yüksək olmalıdır və dünya ölkələrində bu təcrübədən geniş istifadə olunur. Rəqabətin yüksək olması üçün isə mütləq özəl sektorun iqtisadiyyatda payı çox olmalıdır. Özəl sektorun daxilində rəqabət nə qədər güclü olursa, inkişaf da o qədər şaxəli şəkildə gedir. Ona görə də müxtəlif sahələr üzrə ölkədə özəlləşdirilmə aparıldı. Özəl sektora diqqət yetirmək, genişlənməsinə şərait yaratmaq həm ölkə üçün iqtisadi cəhətdən əhəmiyyətli olur, həm də ayrı-ayrı sahələr üzrə rəqabətin yaranmasına gətirib çıxarır. Özəl sektorun iqtisadiyyatdakı payı çoxalsa, şəffaf rəqabət mühiti formalaşsa, o qədər də çox məhsul istehsal olunar, rəqabət qabiliyyəti yüksələr, yeni iş yerləri açılar”.

Kaspi.az