Gəncə, 2 aprel, Sabir Əliyev, AZƏRTAC
Azərbaycanın füsunkar guşələrindən olan Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 22 il ötür. Bu münasibətlə Gəncədəki məcburi köçkün şəhərciyində məskunlaşan kəlbəcərlilərin iştirakı ilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Göygöl rayonundakı Şəhidlər xiyabanında respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət ediblər.
Şəhərcikdəki mədəniyyət sarayında keçirilən anım mərasimində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Kəlbəcərdən bəhs edən videofilm nümayiş etdirilib.
Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov məruzə ilə çıxış edərək diqqətə çatdırıb ki, 1993-cü il mart ayının sonu, aprel ayının əvvəllərində 3054 kvadratmetr ərazisi, 73 mindən çox əhalisi olan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 129 kənd, 2 şəhər tipli qəsəbə, 10 min nəfərdən artıq əhalisi olan Kəlbəcər şəhəri talan edilib, yandırılıb, əhali silah gücünə öz doğma yurd yerlərindən didərgin salınıb. Kəlbəcərə qarşı həyata keçirilən hərbi təcavüz nəticəsində 511 nəfər qətlə yetirilib, 665 nəfər itkin düşüb, 165 nəfər girov götürülüb.
Məruzəçi təəssüf hissi ilə qeyd etdi ki, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan 22 ildir ki, Kəlbəcəri, eləcə də digər ərazilərimizi işğal altında saxlayır, təbii sərvətlərimizi talan edir, zəbt olunmuş ərazilərimizdə erməniləri məskunlaşdırma siyasətini həyata keçirir.
Tədbirdə o da qeyd edilib ki, hazırda 56 şəhər və rayonda müvəqqəti məskunlaşan kəlbəcərlilər doğma yurd yerlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Onlar əmindirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət tezliklə öz bəhrəsini verəcək, azğın düşmən işğal altında saxladığı torpaqlarımızı azad edəcək.
Mərasimdə “Kəlbəcər harayı” rayon qəzetinin baş redaktoru Zahid Muxtar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Kəlbəcər rayon təşkilatının sədri Səməd Quliyev, şəhid atası, şair Ələkbər Sönməz və başqaları çıxış edərək, bu gün hər bir kəlbəcərlinin öz ata-baba yurdunu azad etmək arzusu ilə yaşadığını, bunun üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiyini diqqətə çatdırıblar.
Rayon məktəbliləri Kəlbəcər faciəsini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirdikdən sonra əsgərlər üçrəngli Azərbaycan bayrağını səhnəyə gətiriblər.
Sonda anım mərasimi iştirakçıları adından dünya birliyi ölkələrinə müraciət qəbul edilib.