Bakı, 2 aprel, AZƏRTAC
Avtomobil sektorunun ən böyük tədbirlərdə biri kimi qəbul edilən Beynəlxalq Nyu-York avtomobil sərgisi qapılarını 115-ci dəfə KİV nümayəndələrinə açıb. Avtomobil həvəskarları isə aprelin 12-dək davam edəcək sərgini aprelin 3-dən izləyə biləcəklər.
AZƏRTAC Amerika KİV-nə istinadla xəbər verir ki, Manxettendəki “Javits Center”də təşkil olunan sərgidə 60-dan çox yeni model və elektrik mühərrikləri nümayiş olunur. Ümumilikdə mindən çox nəqliyyat vasitəsinin nümayiş olunduğu sərgidə brend markalar daxili həcmi geniş və texnoloji xüsusiyyətlərlə təchiz edilmiş böyük avtomobilləri ilə önə çıxarkən, digər markaların orta sinif ailə avtomobillərinə də üstünlük verilir.
1900-cü ildən təşkil edilən sərgiyə bu il rekord sayda mətbuat nümayəndəsi akkreditə olunub. Beynəlxalq Nyu-York avtomobil sərgisi dünyada hər il 2 milyarddan çox televiziya, radio, internet və qəzet xəbərinə mövzu olur.
Yeni modellərlə yanaşı ilin avtomobilinin də açıqlanacağı sərgini hər il bir milyondan çox avtomobil həvəskar ziyarət edir.


