[ 01 Aprel 2015 17:21 ]
Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurasının Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı deputat Robert Valter may ayında Ermənistana səfər edəcək.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan deyib.
O bildirib ki, R. Valter regiona səfər etmək niyyəti barədə müraciət edib: “Böyük ehtimal var ki, biz onu qəbul edəcəyik. Lakin onun hazırlayacağı “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması” hesabatı çərçivəsində əməkdaşlıqdan imtina etməyimiz qüvvədə qalır”.
Xatırladaq ki, R. Valter martın 12-də Azərbaycanda səfərdə olub. O, Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşlər keçirib.