[ 01 Aprel 2015 16:08 ]
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin II katibi Könül Süleymanlı Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskinin son şərhlərinə münasibət bildirərkən söyləyib.
K. Süleymanlının fikrincə, bu, bir daha onu göstərir ki, Ermənistan mediası hər fürsətdə ən çirkin vasitələrdən çəkinməyərək, hər hansı şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verir: “Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan mətbuatının Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat həmçinin Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır. L. Slutski ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır. Beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə münaqişənin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi”.