Gəncə, 1 aprel, AZƏRTAC
Tikintisinə 2013-cü ildə başlanılan Gəncə beynəlxalq avtovağzal kompleksində artıq son tamamlama işləri görülür. Yeni avtovağzal istifadəyə verildikdən sonra gün ərzində 5 mindən çox sərnişinə xidmət göstərə biləcək.
Avtovağzalın rəisi Namiq Həsənov AZƏRTAC-a deyib ki, hazırda 5 hektar ərazini əhatə edən avtovağzalın inzibati binasında üzlənmə və daxili interyerdə quraşdırma işləri görülür. Burada sərnişinlərin rahatlığı üçün geniş və işıqlı gözləmə zalı, yeməkxana, ana və uşaq otağı, tibb məntəqəsi, yük saxlama kameraları və digər yardımçı otaqlar fəaliyyət göstərəcək. Gələcəkdə kompleksə daxil olan otelin inşası da nəzərdə tutulub. Hazırda avtovağzaldan ancaq ölkədaxili istiqamətlər üzrə avtobuslar hərəkət edir. Yeni avtovağzal istifadəyə verildikdən sonra bir sıra qonşu ölkələrə də avtobus reysləri açılacaq.