Bakı, 31 mart, AZƏRTAC
Ən nüfuzlu beynəlxalq turnirlərdən biri olan “Shamkir Chess-2015” Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına şərait yaradır. Turnirin əsas məqsədi beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə ehtiram bildirmək və ölkəmizdə şahmatın inkişafını dəstəkləməkdir.
Bu fikri “Synergy Group” ASC idarə heyəti sədrinin birinci müavini və “Shamkir Chess-2015” turnirinin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov söyləyib.
F.Cabbarov daha sonra deyib: “2015-ci il aprelin 16-dan 26-dək Şəmkirdə keçiriləcək turnirdə şahmat üzrə dünya çempionlarını, Vüqar Həşimovun fanatlarını, onun həmkarlarını, habelə şahmat həvəskarlarını salamlamağa şadıq”.
Onun sözlərinə görə, şahmat həvəskarları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi aparıcı şahmatçıların oyunlarını birbaşa müşahidə etmək imkanı qazanacaqlar. Bu, qeyri-adi şahmat turniridir. Bu yarışın sayəsində Azərbaycan 10 gün ərzində dünya şahmat mərkəzinə çevriləcək.
F.Cabbarov vurğulayıb: “Synergy Group” olaraq həmişə davamlı gələcəyə doğru peşəkar və ardıcıl addımlar atır, cəmiyyətin inkişafına töhfə veririk”.