Bakıda 70-ci illərdən bəri Zığ qəsəbəsində Qum adası adlanan ərazidə məskunlaşan insanlar yolların bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Yeni yaşayış massivi adlanan ərazinin sakinləri bildiriblər ki, uzun illərdir suyun içində yaşayırlar.

Qəsəbə sakini Vəfa Məmmədova deyir ki, burada yaşayanlar nə toy bilir, nə də yas. Hər hansı məclis olanda utanırlar ki, ora qonaq çağırsınlar. Çünki qonaq qəbul etmək üçün onlara iri avtomobillər lazım olur. Yəni həmin ərazidə kiçik minik maşınları hərəkət edə bilmir.
“Qar və yağış yağan kimi buralar olur bataqlıq. Palçıq dizə qədər çıxır. Kiçik gölməçələr yaranır. Həyətləri, evlər usu basır. Dəfələrlə şikayət etmişik. Baxan yoxdur”, - deyə Vəfa Məmmədov şikayətlənib.

Məsələyə aydınlıq gətirmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Zığ kənd bələdiyyəsilə əlaqə yaratdıq. Zığ qəsəbə nümayəndəsi Azər Paşayev ANS PRESS-ə bildirib ki, oradakı vəziyyətlə tanışdır. Onun sözlərinə görə, adı çəkilən ünvan əslində yaşayış yeri deyil.

“Deyilən ərazi sənaye torpaqlarıdır. 1970-ci ildən bəri orada məskunlaşma olub. Lakin orada indiyə qədər heç bir kommunikasiya xətləri yaradılmayıb. Hələlik Dövlət Proqramında həmin ərazilərdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmayıb. Böyük Bakı planında isə həmin ərazilərin yenidən qurulması məsələsi var”, - deyə Azər Paşayev bildirib.

ANS PRESS həmin ərazilərdən görüntüləri təqdim edir:









Mənbə
ANS PRESS