Qax, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC
Son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Qax şəhərində keçirilən toplantıda məruzə və çıxışlarda səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Toplantıda xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi köklərindən ətraflı bəhs edilib. Bildirilib ki, 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və bölgələrimizdə misli görünməmiş qətliamlar törədiblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilib. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində ötən əsrin sonlarında yüz minlərlə azərbaycanlı Ermənistandan qovulub, torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək soydaşımız şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşüb.
Qeyd olunub ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mühüm işlər görülüb. Ulu Öndərin müvafiq Fərmanına əsasən, 1998-ci ildən etibarən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Toplantıda vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, soyqırımı siyasətinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinə dair apardığı işlər ədalətin tezliklə öz yerini tapacağına hər birimizdə böyük inam yaradır.