[ 31 Mart 2015 17:01 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının deputatlığa ilkin namizədlərinin siyahısında partiyanın Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin adı yoxdur. Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah deyib.
Xatırladaq ki, iki gün əvvəl E. Məmmədli APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edildiyini və namizədliyinin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunduğunu açıqlayıb.
E. Fəttah isə bildirib ki, Müsavat Partiyasının seçki qərargahına E. Məmmədlinin müraciəti daxil olmayıb: “Seçki qərargahı tərəfindən deputatlığa namizədliklə bağlı ilkin müraciətin qeydə alınması şəxsin öz müraciəti əsasında olur. Bu müraciətin yanında partiyanın rayon təşkilatının, strukturunun rəyi ola da, olmaya da bilər. Nəzərə çatdırım ki, seçki qərargahı deputatlığa ilkin namizədlərin siyahısını hazırlayır, hansı dairədən kimlərin namizəd olmaq istədiyi müəyyənləşir. Biz avqustda bu siyahını Məclisə təqdim edəcəyik və Məclis də müzakirə apararaq partiyanın deputatlığa namizədləri ilə bağlı rəsmi qərar qəbul edəcək. Yəni konkret dairələr üzrə konkret namizədlər rəsmən təsdiqlənəcək”.