ADNA-nın nətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfirin rəhbərlik etdiyi heyətlə görüşdə ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov və universitetin digər rəsmiləri iştirak ediblər.
V.Qurbanov görüşdə qonaqlara təhsil müəssisəsi haqqında məlumat verib. O, tarixi ənənəyə malik olan bu təhsil ocağının hər zaman yetişdirdiyi yüksək keyfiyyətli ixtisaslı kadrları ilə öyündüyünü vurğulayıb və ADNA-nın dünya şöhrətli məzunlarının adlarını diqqətə çatdırıb.
Görüş iştirakçıları ADNA və CAR arasında elm və təhsillə bağlı ikitərəfli əməkdaşlıqların genişlənməsi istiqamətində fikir mübadiləsi aparmaqla yanaşı, bir sıra təkliflərlə çıxış ediblər.
Səfir Vika Mazvi Khumalon Cənubi Afrika ilə ADNA arasında qurulan əlaqələri yüksək dəyərləndirib. Səfirin sözlərinə görə, görüşün əsas məqsədlərdən biri ADNA ilə olan yaxşı münasibətləri təzələmək, Cənubi Afrikadan gələn tələbələrin burada peşəkar şəkildə hazırlanmasının inkişaf etdirilməsinə nail olmaqdır: "Cənubi Afrika gənclərini əsasən də qaz və neft sənayesi üzrə cəlb etmək üçün sizdə Təqaüd Proqramları var. Hesab edirəm ki, sizin təkliflər bizim elmi tədqiqat sahəsində çalışan nümayəndələrimiz üçün də maraqlı olacaq. Eyni zamanda, biz sizə Cənubi Afrikada partnyor unversitet təklif edə bilərik ki, sizinlə əməkdaşlıq etsin".
Görüşün sonunda V.Qurbanov səfir Vika Mazvi Khumalona ADNA-ya həsr olunmuş kitab hədiyyə edib. Səfir isə V.Qurbanova Cənubi Afrikanın milli mədəniyyətini özündə əks etdirən toxunma ilə işlənmiş cam hədiyyə edib.







