İstanbulun Çağlayan ədliyyə binasında DHKP-C terror təşkilatının 2 üzvü Berkin Elvan cinayəti üzrə istintaqı aparan prokuror Mehmet Səlim Kirazı girov götürüb. Prokuror binanın 6-cı mərtəbəsindəki otağında girov götürüb.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı üzvləri bir anda otağa girərək prokuror M.S.Kiraza silah çəkiblər. Onun başına silah dirənmiş fotoları yayaılıb. Təşkilat tələbləri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini bildirib.

Baş verən hadisədən sonra polis binanı mühasirəyə alıb. Giriş və çıxışlar tutulub. Ədliyyə binasına giriş tamamilə bağlanıb və bura xüsusi qrup göndərilib.

Prokuror Türkiyə vaxtı ilə saat 12.36 radələrində girov götürülüb. Saat 13.30-da təhlükəsizlik qüvvələri qapını məcbur açan zaman terrorçular 2 atəş açıblar. Buna görə geri çəkilən polis onları razı salmaq üçün səy göstərir.

İddiaya görə, prokuror əvvəlcə katibi ilə birlikdə girov götürülüb. Prokurorun katibi bir müddət sonra sərbəst buraxılıb və o, təhlükəsizlik orqanlarına xəbər verib. Hazırda girovun azad olunması üçün tədbirlər davam edir.

Terror təşkilatı 5 tələbin yerinə yetirilməsi üçün saat 15.36-dək vaxt verib. Terror təşkilatı "Twitter"də hadisə ilə bağlı fotoşəkillər yayıb.


Mənbə
ANS PRESS