Bakı, 31 mart, AZƏRTAC
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən, region kanalları – Qütb TV (Quba), Alternativ TV (Gəncə), Türkəl TV (Tovuz) və Region TV artıq Azerspace-1 peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Yeni tezliyin detalları: 11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V.
Qeyd edək ki, “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.