Bakı, 31 mart, AZƏRTAC
“Neft Daşları” yatağında yerləşən 2223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadası əsaslı təmir olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Neftqaztikinti” tresti tərəfindən aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yenisi ilə əvəz olunub. Həmçinin, 72 ədəd svay vurulub, 36 ədəd rigel, 28 ədəd FTP-10 tipli fəza ferması və 320 ədəd dəmir beton tava quraşdırılıb. Ümumiyyətlə, 1534 kvadratmetr sahəni əhatə edən estakadayanı meydançanın 1000 kvadratmetrə yaxın hissəsi əsaslı təmir edilib.
Qeyd edək ki, 1983-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 2223 nömrəli estakadayanı meydançada 6 istismar quyusundan sutkada 40 tona yaxın neft və 1600 kubmetr qaz hasil olunur.