Aprelin 2-də Nizami Kino Mərkəzində bu baharın ən çox gözlənilən premyerası - "Tərkedilmiş" filminin qala-gecəsi keçiriləcək.

Milli.Az xəbər verir ki, "Tərkedilmiş" dramatik filminin Bakı premyerası filmin bədii kollektivinin, o cümlədən tanınmış türkiyəli kino ulduzları, Azərbaycanın mədəniyyət və şou-biznes nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Artıq xəbər verdiyimiz kimi, filmin İstanbulda da qala-gecəsi keçirilib. Filmdə baş rolları oynayan Kamran Ağabalayev Könül Nağıyeva həmin təqdimatda iştirak ediblər.

"Tərkedilmiş" filmində ilk dəfədir ki, qardaş Türkiyənin şou-biznes və kino sənayesində Azərbaycanın aktyorluq məktəbinin iki nümayənəsi önə çəkilir. Onlar kütləvi və ya epizodik səhnədə deyil, baş rolda oynayırlar.

Ədalət xatirinə qeyd etmək lazımdır ki, film tək azərbaycanlı aktyorların iştirakı faktına görə maraqlı deyil. Kamran və Könül Türkiyənin aparıcı kino tənqidçilərinin müsbət rəylərini alıbar. Nəticə olaraq, Türkiyənin televiziya məkanlarında verilişlərə və yeni filmlərin çəkilişlərinə dəvətlər alıblar. Bu da o deməkdir ki, Kamran və Könül Türkiyədə artıq uğura imza atıblar.

Türkiyədə tək qardaşlığa əl çalmırlar. Kino ekranında, istənilən digər səhnədə xarici publika Azərbaycan tamaşaçısından fərqli olaraq yalnız gəncliyə və gözəlliyə dəyər vermir. Gənclik illərindən, düzgün üz cizgilərindən və səhnədə qalmaq bacarığından daha çox şey göstərmək lazımdır.

Kamran Ağabalayev müasir Azərbaycan kinosunun üfüqündə yeni meydana çıxıb və öz şəxsiyyəti və aktyorluq qabiliyyətinə görə diqqəti cəlb edib.

"Tərkedilmiş" filminin qalası İstanbulun ən nüfuzlu kino salonlarından olan "Atlas Sinema"da baş tutub. May ayında isə film 174 kinoteatrda daha geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Xatırladaq ki, "Tərkedilmiş" filmi “PostProduction” şirkətinin məhsuludur. Filmin rejissoru Korxan Uğur, prodüserləri - Hakan Ordu, Mustafa Sayqın və Alihan Karagüldür. Filmdə bizim aktyorlar türkiyəli məşhur həmkarları Hakan Vanlı, Levent Ulqen, Hakkı Ergen, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımoa və başqaları ilə birgə rol alıblar.

Milli.Az