Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında iqtisadi əməkdaşliq üzrə birgə komissiyanin həmsədri Şahin Mustafayev Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında birgə komissiyanin fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.
Nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan səfir Branko Miliç iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də birgə komissiyanin növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.