Bakı, 30 mart, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (İB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər debat forumu: Olimpiya kuboku” layihəsinin yekun mərhələsi Lənkəranda başa çatıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin Bakı, Gəncə, Şəki şəhərlərində həyata keçirilən mərhələlərində seçilmiş gənc natiqlər yekun debat raundlarında iştirak ediblər. Debat raundlarının nəticəsində paytaxt komandası forumun qalibi, Bakını təmsil edən Cavid Abdullayev isə ən yaxşı natiqi adına layiq görülüb.
Layihənin məqsədi “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində mövzu ilə əlaqədar gənclər arasında təbliğatın aparılması, gənclərin Oyunlarla bağlı biliklərinin artırılmasıdır. Forum çərçivəsində həyata keçirilən debatlarda gənclər Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıblar.
“Gənclər debat forumu: Olimpiya kuboku” layihəsi çərçivəsində Bakı, Gəncə, Lənkəran və Şəkidə keçirilən təlimlərdə 200 gənc iştirak edib.