Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Azərbaycanın görkəmli balerinası, istedadlı pedaqoq və baletmeyster, xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş tamaşaların nümayişini davam etdirir.
AZƏRTAC xəbər verir ki, sıradan növbəti tamaşa aprelin 5-də baş tutacaq Ə.Bədəlbəylinin “Qız qalası” baleti olacaq.
Premyerası 1940-cı il aprelin 16-da keçirilən bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub və uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.
Artıq 75 ildir ki, “Qız qalası” Opera və Balet Teatrının repertuarında əsas yer tutur və hər zaman geniş tamaşaçı auditoriyası toplayır.
Bu dəfə nümayiş olunacaq tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.