Sumqayıt, 28 mart, AZƏRTAC
“Sumqayıt” Futbol Klubu Premyer Liqada Novruz bayramı münasibətilə yaranan fasiləni başa vurub. Üç gündür məşqlərini davam etdirən Aqil Məmmədovun komandası gündə iki dəfə olmaqla, növbəti turdakı səfərdə qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlaşır.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komandanın heyətində zədəli futbolçu yer almır. Millinin düşərgəsində yer alan Andrey Popoviç, Məhəmməd Qurbanov, U-21-də olan Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Orxan Əliyev və U-19-la elit-raundda iştirak edəcək Budaq Nəsirov hazırlığa nisbətən gec qoşulacaq. Bununla əlaqədar olaraq, əvəzedici komandanın bir neçə üzvü əsas heyətlə məşq edir.
"Sumqayıt" FK–nın bu gün "Kapital Bank Arena"da keçirilən məşqində daha çox fiziki hazırlıq üzərində çalışılıb. Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu aprelin 1-də keçiriləcək.