Prezident İlham Əliyev Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçib, Dik Esparon etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.


Sonra dövlət başçısı səfirlə söhbət edib. Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan dövlət başçısı BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş edib.