Bakı, 26 mart, AZƏRTAC
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk dəfə keçirilən çempionatda 19-23 yaşlı idmançılar mübarizə aparırlar.
Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar.
Turnirdə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan, yarımfinalda isə Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Qızıl medal uğrunda final görüşündə güləşçimizin rəqibi Belarus təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Əli Maqomedabirov (125 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. İlk görüşdə məğlub olsa da rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə imkan qazandırıb. Üçüncü yer uğrunda mübarizədə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.
Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə idmançılarımız U-23 Avropa çempionatını komanda hesabında 48 xalla 3-cü pillədə başa vurublar. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.
Çempionatın üçüncü günündə - martın 26-da 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar. Azərbaycan yığması 3 çəki dərəcəsində təmsil olunur.
