Bakı, 26 mart, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzdə 20-dək operator “Bakı-2015” Avropa Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, “Şanslı qalib” kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat verəcəkdir.
Xəttə zəng vuranları komediya ustası, aktyor və aparıcı, “Bakı- 2015”in ulduz elçisi Murad Dadaşov salamlayacaq. Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ilə “Azercell”, “Bakcell” və “Azerfon”, o cümlədən, ölkə abunəçilərinin 90 faizini əhatə edən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyinin sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq olar.
Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir. Zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.