Bakı, 25 mart, AZƏRTAC
Martın 25-də Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İspaniyanın Baş naziri Mariano Raxoy A320 təyyarəsinin qəzaya uğradığı əraziyə gəliblər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dövlət başçıları xilasetmə əməliyyatının qərargahı yerləşən Sen Lezal qəsəbəsinə gəliblər. Birinci şəxslər burada xilasedicilərlə görüşüb və son məlumatlarla tanış olublar. Dövlət başçıları Sen Lezalda keçiriləcək matəm mərasimində də iştirak edəcəklər.
Xatırladaq ki, martın 24-də Barselonadan Düsseldorf şəhəri istiqamətində hərəkət edən Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi Fransanın Digne-les-Bains regionunda qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər həlak olub.