Bakı, 25 mart, AZƏRTAC
Döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı, əslən azərbaycanlı Abbas Əlizadə Bakıya gəlib. Onun paytaxta gəlişinin səbəbi Azərbaycanda çəkiləcək bədii filmdə rol alması təklifi olub.
Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov AZƏRTAC-a açıqlamasında bildirib ki, şərti adı “Elli” olan komediya janrında çəkiləcək bədii filmdə Abbas Əlizadə baş rolun ifaçılarından biri olacaq. Onun tərəf müqabili isə populyar aktyor Elməddin Cəfərovdur.
Qeyd edilib ki, filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılacaq. Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, rejissoru Ruslan İsmayılov, baş prodüseri Sarvan Allahverdiyevdir.
Layihənin rəhbərləri Nicat Rzazadə və Ruslan İsmayılov onu da bildiriblər ki, Abbas Əlizadə ilə 5 illik qarşılıqlı müqavilə imzalayıblar. Onlar müqavilənin şərtlərindən birini açıqlayıblar: “Qarşıdakı 5 il müddətində Azərbaycan və Türkiyədən hər kim müraciət edərsə ki, Abbas Əlizadənin hər hansı çəkiliş prosesində, ümumiyyətlə, yaradıcı işlərdə iştirakını təmin etsinlər, mütləq biz vasitəçi olmalıyıq. Bizə müraciət olunmalıdır.”
Məlumat üçün bildirək ki, Abbas Əlizadənin ailəsi uzun illər əvvəl Azərbaycanın Şəmkir rayonundan Әfqanıstana köç edib və hazırda da orada yaşayırlar.