“Bir həftəyə yaxındır ki, hərarət içindəyəm. Belə vəziyyətdə milliyə kömək edə bilmərəm”. Milli.Az xəbər verir ki, bu sözləri apasport.az-a yığma komandanın qapıçısı Səlahət Ağayev deyib.

Səhhəti ilə əlaqədar olaraq, Malta ilə oyun üçün açıqlanan heyətdən çıxarılan “İnter”in qolkiperi xəstəliyinin ona mane olduğunu bildirib: “Doğrudur, yığmanın heyətinə qoşulmuşdum. Düşünürdüm ki, vəziyyətim düzələr. Amma belə olmadı. Artıq bu gün evə yollanmalı oldum. Millidən ayrı qalmaq istəməzdim. Lakin təəssüf ki, əlimdən başqa heç nə gəlmir”.

Qeyd edək ki, Səlahət Ağayevin yerinə milli komandaya Emil Balayev çağırılıb. Yığmamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə martın 28-də qarşılaşacaq.

Milli.Az