Beyləqan, 24 mart, AZƏRTAC
Beyləqan rayonunda “Mil” İntellektual Klubunun təşkilatçılığı ilə “Xəmsə liqa”sının növbəti yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, liqanın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, ümumi dünyagörüşünün inkişafına təkan verən “Xəmsə” Milli İntellektual Oyununun regionlarda daha da tanıdılmasına şərait yaratmaqdır.
Beyləqan şəhərindəki Şahmat məktəbində 6 komandanın iştirakı ilə keçirilən liqa gərgin mübarizə şəraitində davam edib. Yarışda Beyləqan şəhəri ilə yanaşı, kənd məktəblərinin komandaları da iştirak edib. 2-ci həftənin nəticələrinə əsasən “Mil”, “Ümid” və “Kentavr” komandaları müvafiq olaraq 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülüblər.
Növbəti oyunlar martın 27-də keçiriləcəkdir.