Bakı, 24 mart, AZƏRTAC
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) Təhsil Nazirliyinin dəstəyi ilə “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə həyata keçirir.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi əlilliyi olan uşaqların cəmiyyətə mümkün qədər daha çox inteqrasiyasına yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət və onların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək etməkdir.
Layihə Bakının Nizami rayonu və respublikamızın Lerik rayonunda keçiriləcək.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi layihə ilə bağlı martın 30-da Bakı şəhərinin Nizami rayonunda fəaliyyət göstərən “Zəngi” liseyində tədbir keçirəcək.