Şəki, 23 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində biz, Naxçıvan məktəbliləri bu gün Azərbaycanın dilbər guşələrindən olan Şəkiyə gəldik. Əvvəlcə Kiş kəndindəki qədim alban məbədini ziyarət etdik. İndicə Şəki xanlarının sarayı ilə tanış olduq. Sarayın şəbəkə pəncərələri, divarlarındakı və tavanındakı təsvirlər olduqca maraqlı idi. Kitablarda, dərsliklərdə oxuduğumuz, televiziya ekranlarından izlədiyimiz bu qədim abidələri artıq canlı şəkildə gördük. Bu abidələri seyr etdikcə Azərbaycanın necə qədim tarixə malik olduğunun bir daha şahidi olduq. Ölkəmizin dilbər guşələri ilə tanışlıq hər birimizin ürəyincədir.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Saltaq kənd tam orta məktəbin 10-cu sinif şagirdi Hüseyn Kazımov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Naxçıvan məktəblisi Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu layihənin iştirakçısı olduğu üçün çox sevindiyini bildirib. Tur-aksiyanın iştirakçısı sonra deyib: “Bu layihə biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan verir. Ona görə də Prezidentimizə dərin təşəkkürümüzü bildirir, belə layihələrin davamlı olmasını arzulayırıq”.