Brüssel, 23 mart, AZƏRTAC
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov bu ölkənin Brügge şəhərində yerləşən və Avropaşünaslıq sahəsində ən tanınmış təhsil ocaqlarından olan Avropa Kollecini ziyarət edib.
Avropa Kollecinin rektoru Yorq Monar və Avropa İttifaqının beynəlxalq əlaqələri və diplomatiya üzrə magistr proqramının direktoru Zieqlinde Qştöhlə görüşən Fuad İsgəndərov onlara Azərbaycanla ilə Avropa İttifaqı arasında mövcud əlaqələr barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanın ali təhsil ocaqları və Avropa Kolleci arasında mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sonra azərbaycanlı diplomat Avropa Kollecinin tələbələri qarşısında Avropa İttifaqı-Azərbaycan əlaqələri və mümkün inkişaf perspektivlərinə dair təqdimatla çıxış edib, o cümlədən ölkəmizin regionda və beynəlxalq müstəvidə oynadığı əhəmiyyətli rola dair müfəssəl məlumat verib.
Təqdimatdan sonra səfir Fuad İsgəndərov tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel