Lerik, 23 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan 40 məktəbli Lənkəran və Astara rayonundan sonra Lerik rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, martın 23-də Lerik şəhərindəki Heydər Əliyev Meydanında məktəbliləri rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşılayıblar.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən layihələrdən danışıb, rayon haqqında şagirdlərə ətraflı məlumat verdi.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, Böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Rayon tarix-diyarşünaslıq və uzunömürlülər muzeylərində nümayiş etdirilən eksponatlarla tanışlıq şagirdlərdə böyük maraq doğurub.
Tur-aksiyanın iştirakçılarına məlumat verilib ki, dağlar qoynunda yerləşən Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Planetin ən qocaman sakini Şirəli Müslümov bu dağlarda 168 il ömür sürüb. Hazırda rayonda yaşı 80-dən yuxarı 846 nəfər yaşayır.
Sonra naxçıvanlı məktəblilər “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular.
Şagirdlər istirahət mərkəzində təşkil olunmuş əyləncəli proqramda bilik və bacarıqlarını nümayiş etdiriblər.
Rayonun bədii özfəaliyyət kollektivləri şagirdlər qarşısında konsert proqramı ilə çıxış ediblər.
Leriklə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna qayıdıblar.


