Moskva, 23 mart, AZƏRTAC
Moskvadakı “Rossiya” Dövlət Mərkəzi Konsert salonunda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Moskva hökumətinin Rusiya paytaxtında akkreditə olunmuş səfirliklər və daimi nümayəndəliklər ilə birlikdə təşkil etdiyi bayram tədbirində Azərbaycanı ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu başda olmaqla böyük nümayəndə heyəti, o cümlədən səfirliyimizin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Azərbaycan-Rusiya Mədəniyyəti və Həmrəyliyi Mərkəzinin nümayəndələri təmsil edib.
“Rossiya” konsert salonunun foyesində Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Tacikistan, Başqırdıstan və digər respublikaların guşələri açılıb. Azərbaycan guşəsində milli geyimlərimiz, xalq yaradıcılığı nümunələri, milli çalğı alətlərimiz, Novruz şirniyyatı təqdim olunub. Burada quraşdırılmış monitorda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Novruz şənliklərində iştirakını, Azərbaycanın görməli yerlərini əks etdirən süjetlər, vətənpərvərlik mövzusunda mahnılar bir-birini əvəz edib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təklif olunub. Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru İlqar Hacıyev Azərbaycan guşəsinin qonaqlarını salamlayaraq, milli Novruz adət-ənənələrimiz, ölkəmizdə dövlət səviyyəsində təşkil olunan bayram şənlikləri barədə məlumat verib.
Tanınmış aparıcılar Fəridə Kurbanqaleyeva və Artyom Kaminskinin idarə etdikləri böyük konsert proqramı Moskva meri Sergey Sobyaninin təbrik məktubunun oxunması ilə başlayıb. Məktubda deyilir: “Qədim adət-ənənələrlə zəngin Novruz bayramı nəsildən-nəslə ötürülür, xalqların zəngin mədəni irsinin, ölməz mənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyini bir daha sübut edir”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskvaya gəlmiş gənc muğam ifaçıları – beynəlxalq müsabiqələrin laureatları Ehtiram Hüseynovun və Nigar Şabanovanın ifasında “Qarabağ şikəstəsi”, “Azərbaycan” rəqs ansamblının ifasında “Novruz” xoreoqrafik kompozisiyası böyük hərarətlə qarşılanıb.
Rusiya paytaxtında təşkil olunan Novruz şənliyində 14 respublikanın nümayəndələri iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva