"Bu cür oynamağa davam etsək, La Liqada çempion olmaq şansımız qalacaq. Düzdür, daha La Liqanın qalibi olmaq çətindir, ancaq bunu üçün mübarizə aparmağa davam edəcəyik. Təkcə Çempionlar Liqasını düşünməyəcəyik".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 28-ci turunda "Barselona"ya 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, komandasının Kataloniya klubuna qarşı oyununu bəyəndiyini söyləyib:

"Güclü tərəfin qalib gəldiyini demək çətindir. Ancaq biz də qələbəyə yaxın idik. Birinci hissədə çox yaxşı oynadıq. Amma bəzi şeyləri edə bilmədik və uduzduq. Son 30 dəqiqədə isə komanda oyunu nümayiş etdirə bilmədik. Qarşılaşmanın son bölümlərində "Barselona" güclü tərəf idi".

K.Ançelotti Ronaldunun oyunundan da razı qaldığını söyləyib: "O, çox yaxşı təsir bağışladı. Qol vurdu, bir zərbəsi isə qapı tirindən qayıtdı".

Milli.Az