Bu həftə Milli Məclisdə gedən müzakirələrin davamı sosial şəbəkələrdə getdi. Millətin vəkilləri ağızlarını açıb elə danışdılar ki, əks sədası facebookdan gəldi.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa bildirmişdi: “Papağa nəsə qoya biləcək əksər adamların hasarları hündür, darvazaları kilidli olduğuna görə, papaqlar daha çox o qapılara atılır ki, ora keçmək mümkün olur. Bu təbəqə də kimlərdir? Müəllimlər, həkimlər, işsizlərdir. İndi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə dolduracaqlar”.

Spiker Oqtay Əsədov Fazil Mustafaya belə cavab vermişdi: "Narahat olma, hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş qalsın".

Millət vəkli Siyavuş Novruzov: "Belə bir gündə hesab edirəm ki, tənqidə də o qədər ehtiyac qalmır. Gəlin hesabata səs verək. Fazil Mustafa da getsin papağını atsın”.

Şəbəkəçilər isə belə reaksiya verdilər.

Rüfətin şərhi: “Fazil müəllim düz söz deyirdi. Hasarları hündürdən olanlar imkan vermədi axıra kimi danışmağa”.

Elay Muradlı: “Hamınızı bizə papaq atmağa dəvət edirəm. Əsas da deputatları”.

Günay xanım: “Kasıbın evinə papaq atanda boş qaytarmaz, amma bəzi məmurların qapısına papaq atsan, səni öz evindən çölə atar”.

İldırım İsmayılov: “Sözün düzünü deyəni 7 kənddən qovarlar”.

Rövşən Seymuroğlu: “Efir vasitəsilə Fazil Mustafaya səslənirəm. Hazırlaşın, martın 20-si sizə papaq atacam”.

Aytən Yaşar: “Müəllimlər, həkimlər və işsizlər. Bədbəxtçiliyə baxın ki, müəllimlər və həkimlər işsizlərlə eyni cümlədə işlədilir”.

Mənbə
ANS TV / Şəbəkə