Lənkəran, 22 mart, AZƏRTAC
Ölkəmizdə artıq ikinci dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları olan Naxçıvan Muxtar Respublikası Babək, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarının və Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Lənkəran, Astara və Lerik rayonlarının tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrə səyahət məktəblilərə ölkəmizi daha yaxından tanımaq imkanı yaradır.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində martın 22-də Lənkəran rayonunda olan Babək rayonunun təhsil şöbəsinin məsləhətçisi, qrupun rəhbəri Rasim Eyvazov AZƏRTAC-a müsahibəsində söyləyib. R. Eyvazov deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı. Şagirdlərin ilk təəssüratı olduqca zəngindir. Aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər  təcrübə mübadiləsi aparmaq imkanı da əldə etdilər. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına “Çox sağ olun” deyirik”.