Lənkəran, 22 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhərindən olan 40 məktəbli martın 22-də Lənkərana gəlib.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarının qarşılanma mərasimi olub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının məsul işçisi Tahir Zülfüqarov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb. O, rayonun coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, əhalisinin məşğulluğu barədə məktəblilərə məlumat verib.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, onun adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Mərkəz 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayıb və gənclərin əsl istirahət yerinə çevrilib. Şagirdlər Mərkəzin kino zalında 3D formatlı filmə baxıblar.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki abidəsini ziyarət edib, onun ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə məlumat verilib.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası və Bayraq Meydanı ilə tanışlıq da məktəblilər tərəfindən razılıqla qarşılanıb.
Aksiya iştirakçıları, həmçinin Lənkərandakı “Xanbulan” istirahət mərkəzində və Hirkan Milli Parkında olublar.
Günün ikinci yarısında naxçıvanlı məktəblilər Astara rayonunun Kijabə qəsəbəsində çay plantasiyasına və rayonun mənzərəli yerlərinə baxıb, Ərçivan qəsəbəsində IX əsrin yadigarı olan “LƏM” istirahət evi və “Yanar bulaq”la tanış olublar.