İslamabad, 22 mart, AZƏRTAC
Pakistanın Peşəvər şəhəri yaxınlığındakı Tirax vadisində hərbçilərin “Təhrik-I Taliban Pakistan” terror təşkilatının “Laşkar-I İslam” qruplaşmasının üzvləri ilə toqquşması nəticəsində azı 80 terrorçu məhv edilib.
Hərbçilərin yaydığı məlumata görə, toqquşmada 100-dən artıq terrorçu yaralanıb.
Xatırladaq ki, Pakistan hərbçiləri ötən ilin sonlarından Şimali Vəziristan əyalətindəki qruplaşmalara qarşı güclü əməliyyatlara başlayıb. Belə ki, “Əl-Qaidə”, “Taliban”, “Şərqi Türküstanın İslam Hərəkatı”, “Özbəkistan İslam Hərəkatı” kimi terror təşkilatlarının 1200-dən artıq üzvü məhv edilib. Əməliyyatlarda Pakistan ordusunun 30 min hərbçisi iştirak edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad