"Mən Şəlalənin qolundan yapışıb onu meyit kimi sürüyürdüm"

 

Axşam internet poçtumuzu yoxladıq, artıq Rəşid hər ikimizin adına hansısa Latviya turist firmasının vizasını göndərmişdi. Biz sabah tezdən gedib bankda öz adımıza hesab açdırdıq və hər birimizin adına min avro yatırtdıq. Adımıza viza gəlib, əlimizə rəsmi sənədlər dəydikcə buradan çıxıb getməyimiz haqda qurduğumuz xəyalların gerçəkləşməsinə inamımız artırdı.

 

Viza üçün bizdən tələb olunan sənədlər bunlar idi: Xarici pasport, bank hesabı haqda arayış, dörd ədəd şəkil, iş yerindən arayış və vizapulunun ödənilməsi. Vəssalam! Bu sənədləri toplayıb Latviya səfirliyinə gedirsən. Orada sənədləri qəbul edərkən səndən Latviyaya nə üçün getmək istədiyini ətraflı soruşurlar. Bütün bu prosesə əlavə olaraq səni on günlüyə dəvət edən turist firması üçün otelpulu, yeməkpulu və yolpulu (o baş - bu başa) ödəməlisən.

 

Sənədləri təqdim etmək üçün Bakıda yerləşən Latviya səfirliyinə getdik. Orda hər bir dəvətli ilə səfirliyin işçisi təkbətək söhbət aparırdı.

 

Açığı, səfirliyin gonbul, danışığında Avropa insanından əsər-əlamət olmayan o qadın əməkdaşının mənimlə apardığı birinci sorğu-sualından sonra xeyli ümidsizləşmişdim. Bu yöndəmsiz qadın mənə faşist kəskinliyi və müstəntiq intonasiyası ilə suallar verirdi.

 

“Latviyaya nə üçün gedirsiniz?” Deyirəm, turist kimi gəzməyə gedirəm. “Bu turist firmasını hardan tanıyırsınız?” Deyirəm, orada yaşayan dostlar məsləhət gördülər, mən də internet vasitəsilə firmaya müraciət elədim. “Sizə məsləhət verən dostunuz Latviyada yaşayır?” Deyirəm, bəli, o mənim tələbə yoldaşım olub, (belə bir tələbə yoldaşım var, ancaq firmanın vizasını o göndərməyib, əlbəttə) milliyyətcə də latışdı. “Bəs ora getməkdə məqsədiniz nədi?” Deyirəm, yazar adamam, saytda işləyirəm, Latviyadakı kilsələr haqda yazmağa gedirəm (yalandan). “Qədim kilsələr Litvada daha çoxdu, niyə ora getmirsiniz?” İşə düşdük də! Deyirəm, fikirləşdim, həm də çoxdan görmədiyim tələbə yoldaşımla görüşüm. “Tələbə yoldaşınızın adı, familiyası necədi?” Deyirəm, Yanis Eşots, o dəfələrlə Bakıda olub, bu dəfə də biz onun yanına getmək istəyirik. “Biz deyəndə kimi nəzərdə tutursunuz?” Deyirəm, bəs mənimlə xanım jurnalist də dəvətlidi, bizə eyni firma viza göndərib, bir yerdə gedəcəyik. “Yaxşı, söhbət sona yetdi, ayın filanında yenidən gələcəksiniz, sənədlərinizə baxılacaq, icazə verilsə pasportunuza möhür vuracağıq.” Deyirəm, yəni, icazə verilməyə də bilər? “Əlbəttə!” Deyirəm, necə yəni, bizi turist firması dəvət eləyir, bütün ödənişləri də eləmişik, qarşımızı hansı əsasla kəsə bilərsiniz? “Biz icazə verməyəndə izah eləməmək hüququmuz var!”

 

Açığı, belə bir sorğu-sualdan sonra rus dilini bilməyən Şəlalə xanımın bu imtahandan çıxmasına inamım xeyli azaldı. Demək, bunlar istənilən adamın qarşısına izahsız “krest” qoya bilər.

 

Məndən sonra, gözləmə otağında əlində həyəcanla sənəd tutmuş Şəlaləni içəri çağırdılar. Kirimişcə oturub gözləyirdim. Kirimişcə nədi? Şəlaləni şüşənin o üzündən sual yağdıran faşist qadının qarşısında cavab verən yerdə təsəvvür eləyib, narahat olurdum. Əsəbdən tərləyən əllərimi və alnımı tez-tez salfet kağızı ilə silirdim. Beləcə, yarım saata yaxın onu gözlədim. Nəhayət, qapı şaqqıldayıb açıldı və Şəlalə üzgün halda çölə çıxdı. Biz liftə tərəf gedə-gedə gileylənir, “bu nədi, elə bil polis şöbəsində şübhəli adam danışdırırlar” deyə, pərt halda başımızı bulayırdıq.

 

Evə gələn kimi bizi Riqada gözləyən dostumuz Rəşidlə skaypda danışıb həyəcanımızı ona bildirdik. Rəşid bizi sakitləşdirərək dedi, narahat olmayın, onlar ilk dəfə hamı ilə belə rəftar eləyir, yoxlayıb saflaşdırandan sonra hər bir dəvətlini sərhəddən içəri buraxırlar.

 

Biz Rəşidlə skayp danışığını bitirdikdən sonra  gecə yarısına kimi oturub səfirlikdə olan söhbətlərimizi müzakirə edərək biri-birimizi sakitləşdirib təsəlli düzəldirdik. “Əslində düz eləyirlər! Ciddi ölkədi, bilmək istəyirlər, sərhəddən içəriyə buraxdıqları adam kimdi, hansı fikirlə gedir? Bunlar həqiqətən gəzməyə gedir, yoxsa Avropaya qaçırlar? Narahat olmağa dəyməz! Əvvəlcə hamı ilə belə rəftar eləyirlər. Bizi bütünlüklə öyrənmək üçün vaxtı uzadırlar. Baxıb yoxlayacaqlar ki, sənədlərimiz yerindədi, cinayətkar deyilik, buraxacaqlar! Başqa neyləyə bilərlər ki! Heç nə!”

 

Avropaya ayaq basmağımıza lap az, bir neçə gün qalmışdı. Biz təyin olunan gün səfirliyə gedib pasportumuzu təsdiqlətməli və qarşıdakı ongünlüyün tarixini dəqiqləşdirməli idik. Ona görə artıq kirayə tutduğumuz evi sahibinə təhvil vermişdik. Şəlalə rayonda, ata-anasının yanında qaldığına görə Bakıya yalnız sənəd işləri üçün gəlirdi.

 

Nəhayət, pasport günü gəlib çatdı. Şəlalə rayondan çıxıb Bakıya gəldi. Biz, həyəcanlı sevinc içərisində qucaqlaşır, Azərbaycandan çıxacağımız gün saatbasaat yaxınlaşdıqca qəribə bir hüzndə boğulurduq. Küçədə yeridikcə binalara, ağaclara, adamlara acgözlüklə nəzər yetirir, gördüklərimizin şəklini gözlərimizlə sorub daxilimizə  doldururduq. Bütün bu şəkilləri, özümüzdən asılı olmayaraq, yaddaşımızın xəzinəsinə yığır, deyəsən, qürbətdə xatırlamaq üçün indidən hazırlıq görürdük. Beləcə, yarıuyğulu getdiyimizdə telefonuma latış dostum Yanisdən zəng gəldi. Dedi ki, səfirlikdən zəng edib sənin haqda uzun-uzadı soruşdular, narahat olma, onlara sizin yolunuzu gözlədiyimi dedim.

 

Hər şey aydındı! Demək, səfirlik bizim haqda hər cür məlumat toplamağa çalışıb.  

 

Biz pasportlarımızı təsdiqlətmək üçün, təyin edilən vaxtda, səhər saat on birdə Latviya səfirliyində olduq. Həmişəki kimi içəriyə əvvəlcə məni dəvət elədilər. Yüngülvari söhbətdən sonra pasportuma möhür basıb, uğurlu yol arzuladılar. Mən sevincək otaqdan çıxdım. Sonra Şəlaləni içəri dəvət etdilər. Gözləmə otağında oturub həyəcanla onun çıxmasını gözləyir, düşər-düşməzi olar deyə hələlik heç nə arzulamaq istəmirdim. Romantikadan nə qədər qaçmağa çalışsam da xəyalımda yenə birigün İstanbula uçan təyyarədə yanaşı otururduq. Demək, Bakıdan Riqaya birbaşa təyyarə reysi olmadığından İstanbula, oradan da Riqaya uçmalıyıq.

 

Qapı şaqqıltıyla açıldı və Şəlalə əlində sənədlər bayıra çıxdı. Mən cəld ayağa durub “getdik!” dedim. Şəlalə handan-hana “hara gedək?” deyə zarıdı. Baxdım ki, onun sifəti meyit rəngindədi. “Mənə icazə vermədilər! Necə eləyim? Ağlamaq istəyirəm, ağlaya bilmirəm!”

 

Mən ayaqüstə donub qalmışdım. “Necə yəni? Sənin pasportuna möhür vurmadılar?”

 

O, sənədləri büküb çantasına qoymaq istədi, lakin əllərinin titrəməsi buna imkan vermirdi. Mən kağızları onun əlindən qapıb qapının düyməsini basdım. İçəridən soyuqqanlıqla “sizə nə lazımdı?” deyə soruşdular. Dedim, açın, bir söz soruşmaq istəyirəm. Qapı açılan kimi ikimiz də içəri girdik.
 

Şüşənin o tərəfində ayaqüstə dayanmış qadından soruşdum ki, bu xanıma niyə icazə vermədiniz? Axı, belə olanda siz mənim də vizamı pozursunuz! Çünki biz bir yerdə getməliyik! Biz eyni proyekti bir yerdə yazmalıyıq! Deyə bilərsinizmi, xanımı hansı səbəbə görə buraxmırsınız?

 

Gonbul qadın şüşənin o biri tərəfindən qışqırdı: “Bizim verdiyimiz qərarın səbəbini izah etməmək hüququmuz var!” Və çəkilib getdi.

 

Biz liftlə aşağı düşüb küçəyə çıxdıq. Bu nə dəhşət, bu nə faciə idi başımıza gəldi?! Olmaya, quş bir vaxtlar bizə elə bunu deyirdi? Doğrudanmı, o bizə “gedəssiz!” yox, “gedəssən!” ötürmüş?! Bu nədi, yoxsa, ayrılırıq?! Necə yəni, ayrılırıq?! Özümüzdən asılı deyilmi bu? İndi biz neyləyəcəyik? Tale bizi qabağına qatıb hara aparır?
 

Mən Şəlalənin qolundan yapışıb onu meyit kimi sürüyürdüm. Bir az oturub özümüzə gəlməli idik. Birtəhər yaxınlıqdakı kafeyə çatdıq.

 

Şəlalə birazdan özünə gəlib ağlaya bildi. Mən onu sakitləşdirirdim: “Narahat olma, bunların Avropası mənə  lazım deyil! Narahat olma, mən də getməyəcəm! Neyləyək, taleyimiz belə imiş! Cəhənnəmdə olsaq da bir yerdə olacağıq!”

 

O, ağlaya-ağlaya rabitəsiz sözlər danışırdı: “Getmə, məni atma, bir yerdə olaq caam! Söz ver, ki, məni tək qoymayacaqsan! Mən çox qorxuram! Tənha qalmaqdan qorxuram!”

 

Mən onu öpə-öpə bacardıqca çoxlu təskinlikverici sözlər danışırdım: “Narahat olma, caam, həmişə bir yerdə olacağıq! Əsas odu, sən məndən ayrılma! Mən sənsiz heç yerə getməyəcəm!..”

 

Biz təxminən axşamüstünə yaxın özümüzə gələ bildik...