Həbsdə olan kürd üsyançılarının lideri Abdullah Ocalan öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib.

Anspress-in məlumatına görə, onun bu müraciət xarakterli bəyanatı Diyarbəkir şəhərində Novruz bayramı münasibətilə toplaşan kürdlərə çatdırılıb. Bəyanatı Ocalanı həbsxanada ziyarət etmiş kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) partiyasının nümayəndəsi Sırrı Süreyya Önder çatdırıb.

Mitinq iştirakçıları PKK liderinin şəkillərini gəzdiriblər. Abdullah Öcalanın çağırışından sonra elan edilmiş atəşkəs rejimi 2013-cü ildən bəri qüvvədə qalır. PKK Kürdüstanın müstəqilliyi uğrunda 30 il ərzində silahlı mübarizə aparıb. Münaqişə 40 mindən artıq adamın ölümünə bais olub.

Ötən ay Abdullah Ocalan öz tərəfdarlarını silahlı mübarizəyə son qoyacaq konfransa qatılmağa səsləmişdi.

Gözlənən açıqlamadan öncə Ocalanın planı barədə məlumat verilməyib. Sırrı Süreyya Önder bəzi məqamlara toxunub. "Bu, sülh prosesi üzrə nəzəri və praktiki məqamları əhatə edən ölkəmiz və bölgə üçün bir sülh xəritəsi olacaq”, - siyasətçi AFP agentliyinə bildirib.

Qeyd edək ki, Ocalan Kürd İşçilər Partiyasının (PKK) rəhbəridir, amma vətənə xəyanətdə təqsirli bilinəndən sonra 1999-cu ildən bəri həbs cəzası çəkir. 1999-cu ildə Keniyada həbs olunmuş Abdullah Ocalan ömürlük həbs cəzasına məhkum edilib. O, Türkiyənin qərb sahilindəki İmralı adasının xüsusi məhbəsində saxlanılır.

Milli.Az