Bakı, 21 mart, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz münasibətilə təşkil edilən II Beynəlxalq Novruz Festivalı martın 21-də də davam edib.
AZƏRTAC xəbər verir ki, festivala Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də qatılıb.
Tədbirdə Azərbaycanın və iştirakçı ölkələrin incəsənət ustalarının iştirakı ilə təqdim olunan musiqili, əyləncəli bədii bayram proqram festivala gələnlərə xoş əhval-ruhiyyə bəxş edib.
Festival münasibətilə Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, suvenirlər, kitablar, açıqcalar, milli mətbəx nümunələri sərgilənir.
Novruz bayramı şənlikləri, həmçinin bir-birindən maraqlı çoxsaylı tədbirləri əhatə edir. Belə ki, səhər saatlarından pəhləvanlar, pantomim artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərirlər. Bakı Uşaq Teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin nağıl qəhrəmanlarının canlı obrazları, Kosa və Keçəlin iştirakı şənliyə xüsusi rəng qatır.
Festival çərçivəsində, həmçinin Əliağa Vahidin heykəli qarşısında konsert proqramları təqdim olunur.
Festivalda maraqlı məqamlardan biri də könüllülərin iştirakıdır. Üzərində “Ask me” yazılmış yaşıl rəngli köynəklər geyinmiş könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərir, istiqamətləndirir, İçərişəhər və festivalla bağlı sualları cavablandırır, bukletlər və təbliğat materialları paylayırlar.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da martın 20-21-də həm uşaqlar, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla zəngin Novruz şənlikləri keçirilib. Orada da rəngarəng konsert proqramı təşkil edilib, uşaqlar nağıl obrazları ilə canlı ünsiyyətdə olublar. Həmçinin müxtəlif ölkələri əks etdirən guşələr yaradılıb, həmin ölkələrin milli rəqsləri təqdim olunub. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak ediblər.
“Qala” Qoruğunda təşkil edilən iki günlük Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşən nəqliyyat vasitələri festival qatılan qonaqlara pulsuz xidmət göstərib.
Qala qoruğundakı Novruz şənliyi bayrama xüsusi milli ruh və kolorit qatıb.
Qeyd edək ki, İçərişəhərdə keçirilən II Beynəlxalq Novruz Festivalı martın 23-də başa çatacaq.















