Zaqatala, 21 mart, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun ən iri yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsinin əhalisi Novruz bayramı günlərində çox dəyərli bayram hədiyyəsi alıblar. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən qəsəbənin qazlaşdırılması işi başa çatdırılıb və martın 21-də abonentlərə təbii qazın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyətin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Bildirilib ki, qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında polietilen və metal borularla ümumi uzunluğu 157 min metrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xərləri çəkilib, 149 ədəd siyirtmə, 2.382 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, hazırda bu qəsəbə də daxil olmaqla, rayonun 17 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 63 faiz təşkil edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. O cümlədən, hazırda Yengiyan, Makov və Aşağı Çardaxlar kəndləri istiqamətində qaz xətlərinin çəkilşi işi aparılır. Cari ilin sonunadək bu kəndlərə də təbii qazın verilməsi nəzərdə tutulub.
Mərasimdə çıxış edən kənd sakinləri Novruz bayramı günlərində belə dəyərli hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və qəsəbəyə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Rayon rəhbərliyi həmin gün Əliabad qəsəbəsində və Mazıx kəndində keçirilən Novruz şənliklərində iştirak edib.