Şahbaz Xuduoğlunun həyat yoldaşının 40 mərasimi sabah keçiriləcək
“Qanun” Nəşrlər Evinin direktoru, jurnalist Şahbaz Xuduoğlunun ailə faciəsindən 40 gün ötür.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, onun həyat yoldaşı Könül Rüstəmxanlının yas mərasimi sabah jurnalistin yaşadığı ünvanda - Nəsimi rayonu, Füzuli küçəsi-73 ünvanında (Kapital bankın binasının həyətində) keçiriləcək.

Yas mərasimində qadınlar saat 14.00-dək, kişilər isə saat 14.00-dan sonra iştirak edə bilərlər.

Qeyd edək ki, faciə fevral ayının 11-də saat 15.30 radələrində Masallı-Yardımlı yolunda baş verib.

“Qanun” Nəşrlər Evinin sürücüsü Rafiq Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə maşında olan Şahbaz Xuduoğlunun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin, jurnalistin bacısı 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə ciddi xəsarət alıb.

Hazırda o, evdə müalicəsini davam etdirir.

Milli.Az