Ağcabədi, 21 mart, AZƏRTAC
Ağcabədi şəhərinin mərkəzi stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, 10 mindən çox sakinin iştirak etdiyi tədbirdə çıxış edənlər ağcabədililəri bayram münasibətilə təbrik edib, can sağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıblar.
Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilib. Rayon mədəniyyət və turizm şöbəsinin şəhər incəsənət məktəbinin kollektivi ilə birgə hazırladığı şən və rəngarəng bayram proqramı tamaşaçılar tərəfindən böyük sevinc və bayram əhval ruhiyyəsi ilə qarşılanıb.
Bayram şənliyində tonqallar alovlanıb, milli adət və ənənələr yad edilib. Faytonla meydana daxil olan Bahar qızı və əlində od tutmuş Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançiların və kəndirbazın çıxışları, uşaqların ifasında milli və dünya xalqlarının rəqsləri maraqla qarşılanıb.
Tədbirdə ənənəvi olaraq milli atçılıq oyun növü olan “Çövkən” oyunu nümayiş olunub, qalib komandaya kubok və hədiyyələr verilib.