Zaqatala, 20 mart, AZƏRTAC
Novruz bayramı günlərində Zaqatala şəhərinin “Sülh” küçəsində “Abad həyət” layihəsi çərçivəsində inşa edilən “Mərasimlər evi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məhəllə sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, yeni istifadəyə verilən “xeyir-şər evi”ndə ancaq toy-nişan mərasimlərinin keçirilməsini arzulayıblar. Bildirilib ki, bu ictimai bina Zaqatala şəhərində son illər istifadəyə verilən sayca üçüncü “Mərasimlər evi”dir.
Məhəllə sakinləri çıxış edərək əhalinin həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönələn belə tədbirləri ürəkdən bəyəndiklərini qeyd edib, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra rayon rəhbərliyi binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, tikintialtı sahəsi 300 kvadratmetr olan ictimai bina 240 yerlikdir. Binada qadın və kişilər üçün ayrıca zallar, həmçinin mətbəx və yardımçı otaqlar yerləşir. “Mərasimlər evi” bu ərazidə yerləşən 6 ictimai binada yaşayan 300-dək ailəyə xidmət göstərəcəkdir.
Bundan əlavə, “Abad həyət” layihəsi çərçivəsində həmin ərazidə geniş abadlıq işləri də görülüb, böyüklər və uşaqlar üçün istirahət guşələri yaradılıb.