Bakı, 20 mart, AZƏRTAC
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki nitqində deyib: “Bu gün hər tərəf alovlanır, Yaxın Şərq, Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki, etnik, dini zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar. Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir”.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz.