Xaçmaz, 20 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 20-də Naxçıvan Muxtar Respublikasının məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Xaçmaz rayonuna ekskursiya ediblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları Azərbaycanın şimal qapısı sayılan Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar.
Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Tur-aksiyanın iştirakçıları Mərkəzdəki fotostendlərə baxıblar.
Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də olublar. Məlumat verilib ki, muzey-park 2006-cı ildə yaradılıb. Parkda Azərbaycanın 57 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub.
Sonra tur-aksiyanın iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Tur-aksiyanın iştirakçıları Xaçmazdakı Dövlət rəsm qalereyası, Xalça muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar.
Tur-aksiyanın iştirakçıları Şabran rayonunda yerləşən “Şahdağ Milli Parkı”nın baş ofisində və “Şabran şəhəri” tarixi qoruğuda da olublar.