Almaniya və Yunanıstan arasında “orta-barmaq” qalmaqalı yaşanmaqdadır.

ANS PRESS-in məlumatına görə, Almaniyanın ARD telekanalı Yunanıstanın hazırkı maliyyə nazirinə aid mübahisəli bir videonu yayımlayıb. Arxivlərdən qaldırılmış və 2 il tarixi olan həmin görüntüdə nazir Yanis Varufakis hələ müxalifət düşərgəsində olduğu bir vaxtda Zaqrebdə keçirilən konfransda çıxış edir, Avropa Birliyinin maliyyə yardımı şərtlərinə razılaşdığına görə rəsmi Afinanı tənqid atəşinə tutur. Qalmaqala səbəb maliyyə nazirinin almanlara ünvanlanmış nalayiq əl jesti olub.

“Yunanıstan o vaxt gərək Argentina kimi defoltla üzləşdiyini elan edib, almanlara barmaq göstərəydi”, - deyə Yanis Varufakis bildirib.

Hazırda maliyyə naziri postunu tutan Varufakis bu videonun montaj olduğunu söyləyib. Mətbuata verdiyi açıqlamada belə jestlər ömründə göstərmədiyini və videonu yayan kanalın alman xalqına layiq olmadığını vurğulayıb.

Maliyyə Nazirinin həmin videodakı jestini danması, daha böyük qalmaqal yaradıb, alman mətbuatının kəskin reaksiyasına səbəb olub. Buna cavab olaraq jurnalist daha dərin araşdırma apararaq həmin Zaqreb konfransından olan videonu Varufakisin öz Tvitter səhifəsindən tapıb və maliyyə nazirini yalan danışmaqda ittiham edib. Yaranmış qalmaqalın onsuzda soyuq olan Alman-yunan münasibətlərini daha da pisləşdirəcəyi güman edilir.
Mənbə
ANS PRESS