Bakı, 19 mart, AZƏRTAC
Novruz bayramı günlərində respublikanın daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və mütəşəkkil icrasının təmin edilməsi məqsədilə martın 20-dən 29-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post patrul xidməti naryadlarının sayı artırılıb.