Bərdə, 19 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Bərdə rayonunun Xanxanımlı kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri Novruz bayramı münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıblar.
Bildirilib ki, 59 abonenti olan Xanxanımlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2504 metr müxtəlif diametrli polietilen və uzunluğu 5309 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər bayram ərəfəsində kəndin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
