Bu gün Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında Novruz bayramı ilə əlaqədar şənlik keçirilib. Müəssisənin sakinlərinə bayram ab-havasını yaşatmaq üçün konsert proqramı təşkil edilib. İştirakçılar musiqi sədaları altında oynayıb, əyləniblər. Tonqalın alovlandırılması isə şənliyə rəng qatılıb. Müəssisə rəhbərliyi, işçilər pasiyentlərlə birlikdə tonqalın ərtafında dövrə vurub, yallı gediblər. Daha sonra onlara bayram sovqatı paylanıb. Tədbirin keçirilməsində məqsəd cəmiyyətin diqqətini qayğı və mənəvi dəstəyə ehtiyacı olan belə insanlara cəlb etmək, onların bir anlıq da olsa sevinməsinə, şadlanmasına nail olmaqdır. Buranın sakinləri də hamı kimi, bəlkə də digər insanlardan daha artıq mehriban və isti münasibətə möhtacdırlar. Bu yolla həmin insanlara onların sevildiyi, heç də unudulmadıqları bir daha nümayiş olunub.
Şəki Pedaqoji kollecdə də bayram tədbiri keçirilib. Müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan tədbirdə çıxış edənlər baharın gəlişinin insanların qəlbində xoş təəssürat yaratdığını qeyd ediblər. Novruz adətlərinin əks olunduğu səhnələr iştirakçıların marağına səbəb olub. Kosa və Keçəlin maraqlı söhbətləri şənliyə rəng qatıb. Tələbəblərin hazırladıqları Novruz xonçaları, Bahar qızının dövrə vurub oynaması, bayrama xas ifalar, milli rəqslər alqışlarla qarşılanıb.
Tələbələrin hazırladıqları xonçaların tədbirdən sonra şəhid ailələrinə təqdim olunacağı bildirilib.
Milli.Az